Bu gün tanınmış şair İlyas Tapdığın doğum günüdür
30.11.2017

Bu gün tanınmış şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın anadan olmasının 83-cü ildönümü tamam olur.

Gözəl ədəbi nümunələr yaradan şair, həm də Azərbaycan poeziyasında Abdulla Şaiqdən sonra uşaq ədəbiyyatına dəyərli töhfələr verən qələm adamı kimi tanınır. O, mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu yorulmadan tədqiq və təbliğ edən bir fikir adamı olaraq çox mənalı və zəngin həyat yolu keçib.

1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”, “Azərnəşr”, “Gənclik” nəşriyyatlarında, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

İ.Tapdığın zəngin söz dünyasından hər kəsə pay düşüb. O, mindən çox nəşrin redaktoru olub, yeni yazmağa başlayan yüzlərlə şairin, gənc qələm adamının kitabına “Ön söz” yazıb, xüsusilə gənclərə öz xeyir-duasını əsirgəməyib.

Gədəbəy torpağının gözəlliklərini, uca dağlarının əzəmətini, bulaq suyunun saflığını, çəmən güllərinin xoş rayihəsini şeiriyyata gətirən İlyas Tapdığın özü də başı qarlı dağlar kimi ucalardan uca olub.

Şairin şeirlərinin başdan-başa həyata, insanlara sevgidən yoğurulub. Bütün ömrünü aşıq sənətinin təbliğinə, folklorumuza, uşaq ədəbiyyatına, gənc şairlərin yetişməsinə həsr edən şairin xatirəsi hər zaman xatırlanacaq.

azertag.az