Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsal ediləcək
1.12.2017

Azərbaycanda yeni yaradılmış “Tabaterra” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilir ki, bununla da Parkın rezidentlərinin sayı 13-ə çatıb.
“Tabaterra” beynəlxalq standartlara uyğun siqaret istehsal edəcək. Şirkət ildə 7 mlrd. ədəd filterli siqaret istehsal edəcək müəssisə inşa etməyi planlaşdırır. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, Vergilər Nazirliyi “Tabaterra” QSC-ni bu il sentyabrın 11-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, ev 18 (Xovlu ipək fabrinin ərazisi), nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Cavanşirdir.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə xaricdən gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir.
Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

report.az