“PwC Azerbaijan" Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak edib
1.12.2017

“PwC Azerbaijan" şirkəti 28-30 noyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində ("Rec Expo - 2017") “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda keçirilən konfransda iştirak edib.
Bu barədə Şirkətə istinadən xəbər verilir.
Məlumata görə, “PwC Azerbaijan" qonaqlarını bir çox beynəlxalq və yerli ziyarətçilərin maraq göstərdikləri xüsusi pavilyonda qəbul edib. Sərgi çərçivəsində keçirilən konfransda çıxış edən Şirkətin idarəedici partnyoru Mövlan Paşayev dövlət müəssisələrinin özəlləşdirilməsindən danışıb: "Son dövrdəki iqtisadi böhran Azərbaycana müsbət təsir göstərib. Belə ki, dövlət müəssisələri və özəl sektor öz strategiyalarını, biznes və əməliyyat modellərini yenidən nəzərdən keçirməli olublar. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin uğurla davam etdirilməsi üçün şəffaf maliyyə hesabatları, korporativ idarəetmə və optimal xərc strukturu əsas amillər hesab olunur".
Xatırladaq ki, "PwC" bütün sahələrdə etimad yaratmaq üçün şirkət sahiblərini, tikinti və turizm şirkətlərini, investorları və digər maraqlı tərəfləri dəstəkləyir. Daşınmaz əmlak sahəsində peşəkar mütəxəssislərdən təşkil olunmuş qlobal şəbəkəmiz öz müştərilərinə kapital bazarları, sistemlərin təhlili və tətbiqi, tədqiqat, mühasibat uçotu və vergi sahəsində ixtisaslaşmış və müvafiq səriştəli mütəxəssislərdən ibarət komanda yaratmaq imkanı verir. Konsaltinq şirkəti kimi həyata keçirdiyi sövdələşmələrin sayına görə dünyada birinci yerdə olan "PwC" şəbəkəsinə daşınmaz əmlak və korporativ maliyyə sektorunda ixtisaslaşmış 1 900-dən çox mütəxəssis daxildir.

report.az