Azərbaycanın Kolumbiyadakı səfirliyində ölkəmizin opera sənəti haqqında tədbir keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə müvəqqəti işlər vəkili Ramil Fərzəliyev çıxış edərək ölkəmizin zəngin musiqi mədəniyyəti və ədəbiyyatından, onun çoxəsrlik inkişaf yolundan söz açıb. Bildirib ki, ədəbiyyatımız və özünəməxsus çalarları, rəngarəngliyi ilə fərqlənən çoxjanrlı musiqimiz dünya mədəniyyətinin zənginləşməsinə mühüm töhfələr verib.
Tədbirdə Şərqdə ilk operanın əsasının Azərbaycanda qoyulduğu diqqətə çatdırılıb, ölkəmizin musiqi mədəniyyətinin Şərq mədəni irsi ilə tanış olmaq üçün geniş imkanlar açdığı qeyd edilib.
Daha sonra səfirlik tərəfindən ispan dilinə tərcümə edilərək alt titrlər vasitəsilə Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında Azərbaycan Televiziyasının 1954-cü ildə çəkdiyi proqram təqdim olunub. Bülbül, Sona Aslanova, Ağababa Bünyatzadə kimi Azərbaycan korifeylərinin oynadığı “Koroğlu” operasından təqdim edilən parçalar böyük maraq və alqışlarla qarşılanıb.
Sonda iştirakçılar Azərbaycan milli mətbəxinin təamlarına və şirniyyatlara qonaq edilib.
azertag.az