Noyabrın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində Polşa dizaynerlərinin uğurlu işlərinin nümunələrinin təqdimatı olub.
“Polşa etnodizaynı ilə tanışlıq” adlı tədbir memar, interyer dizayneri, dizayner işləri üzrə jurnalist, www.dobrzemieszkaj.pl internet portalının yaradıcısı Slavomir Moyşuşkonun iştirakı ilə reallaşıb. Həmçinin sözügedən mövzunun müzakirəsində tanınmış dizaynerlər Anna Kotoviç-Puşkareviç və Şimon Hançar da iştirak edib. Tədbir çərçivəsində dizaynerlik sahəsi ilə bağlı mövzular müzakirə edilib, iştirakçıların maraq doğuran sualları cavablandırılıb.
Anna Kotoviç-Puşkareviç Polşanın Lodzi İncəsənət Akademiyasının məzunudur. Artur Puşkareviçlə birgə “AZE Design” dizayn studiyasının həmtəsisçisidir. “AZE Design” studiyası əsasən interyer predmetləri - mebellər, lampalar, xalçalar və qab-qacaqların layihələndirilməsi ilə məşğul olur. Dizaynerlər Varşavanı tərk edərək Polşanın şərqində yerləşən kiçik kənddə məskunlaşıblar. Öz əsərlərinin ərsəyə gətirilməsində onlar qədim metodlardan (toxuculuq, keramika, hörgü, dəri) istifadə edirlər. Başlıca ideya, yox olan ənənəvi sənətlərin qorunub saxlanılmasına imkan yaratmaqdır. Onlar öz layihələrini, “mindmade” (ağılla hazırlanmış) adlandırırlar.
Şimon Hançar - Vrotslav İncəsənət Akademiyasının memarlıq və sənaye dizaynı fakültəsinin məzunudur, hazırda akademiyada müəllimi işləyir. O, eyni zamanda “Akademie der Bildende Künste” (Münhen) Akademiyasının təqaüdçüsüdür.
Dizayn işinə praqmatik yanaşması olan alman dizayn məktəbi, obyektin funksionallığı və istifadəçilərin sorğularına sadə və effektiv cavab axtarışına böyük diqqət ayırır. Dizayner deyir: “Dizayn - mənim üçün bir problem, bir tapmacadır, biz bu tapmacanın optimal həllini axtarırıq”. Şimon Hançarın "Hanczar Studio" adlı öz şəxsi dizayn studiyası var. Bu studiya restoranlar, apartamentlər, ofislər və ticarət stendlərinin layihələndirilməsi ilə məşğul olur. Onların layihələri “Label”, “Icon”, “Dezeen Magazine” dərgilərində təqdim olunub. Şimon Hançar tərəfindən layihələndirilmiş mənzillərdən biri və məşhur “GESTALTEN” nəşriyyat evinin dərc edildiyi “Small Homes. Grand Living” kitabında nümayiş etdirilib.
azertag.az