Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri “Cəsurluq məktəbi” adlı “Açıq qapı” günündə iştirak ediblər.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, “Açıq qapı” gününün təşkilində məqsəd paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə yaxından tanış etmək və fövqəladə hallarda davranış qaydaları ilə bağlı şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
“Cəsurluq məktəbi”ndə gələcəkdə fövqəladə hallar orqanlarında çalışmaq arzusunda olan yuxarı sinif şagirdləri iştirak edib.
Tədbir praktik və nəzəri hissədən ibarət olub.
Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasetmə, üzmə, yanğınsöndürmə, ilkin tibbi yardım üsulları barədə məlumat verilib.
Nəzəri hissədə isə mərkəzin əməkdaşları FHN-nin Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçirilən maarifləndirmə tədbirləri haqqında çıxışlar ediblər.
Həmçinin “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə” və “112” qaynar xətti” mövzularına dair əlavə məlumatlar şagirdlərin nəzərinə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və maarifləndirmə tədbirləri barədə videoçarx nümayiş olunub.
report.az