“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq, 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb.
Bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Ağsu şəhərinin içməli su problemi həll edildikdən sonra, belə layihələrin icrası kəndlərdə də davam etdirilir. Kəndlərin içməli su probleminin həlli edilməsi mühüm hadisədir və sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərsu”ya məxsus “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, sərəncama əsasən, respublikanın 28 rayonunun 170 kəndində layihə icra olunub. Bu layihələrdən ümumilikdə 271 min nəfər kənd sakini faydalanacaq: “Bu ilin may-iyun aylarından kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və indiyə qədər işlərin 95%-ə qədəri icra edilib. Bu gün açılış mərasimi keçirilən Padar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr kənddaxili su xətti çəkilib, 12 ədəd bulaq quraşdırılıb. Növbəti illərdə Ağsu rayonunun su çatışmazlığı müşahidə olunan digər kəndlərində belə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır”.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını, əsasən, çay suları və bulaqlar hesabına ödəyiblər. Çay sularının uzaq məsafədən daşınması, bulaqlarda isə sululuğun azalması ciddi çətinliklərə səbəb olub.
Qeyd edək ki, Ağsu rayonunda icra olunan layihə 20 yaşayış məntəqəsini - Padar, Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Hacıqədirli, Ərəbsarvan, Axundlu, Gursulu, Kəlağaylı, Nəmirli, Bənəcik, Göydəlləkli, Xəlilli, Qaraməmmədli, Navahı, Ülgüc və Bico kəndlərini əhatə edib. Layihəyə əsasən, 18 kəndə içməli suyun Külüllü mənbəyindən, Bico və Gəgəli kəndlərinə isə digər mənbələrdən verilməsi nəzərdə tutulub. İndiyə qədər 18 kənddə layihənin icrası yekunlaşıb, içməli suyun verilməsinə hazırlıq görülür. Rayonun Bico kəndində tikinti-quraşdırma işləri ilin sonuna qədər tam başa çatdırılacaq. Gəgəli kəndində isə sutəmizləyici qurğunun və su anbarının inşasına hazırlıq görülür. Ümumilikdə bu kəndlərdə 33 km su xətləri çəkilərək 119 ədəd bulaq quraşdırılıb. Layihələrin icrasından Ağsu rayonunun 20 kəndində 11 min nəfər sakin faydalanacaq.
Xatırladaq ki, “əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncama əsasən, layihələrin həyata keçirilməsi üçün “Azərsu”ya 14 mln. manat ayrılıb.
report.az