3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib. Konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdən ibarət olub.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış ediblər.
Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edib.
Qeyd edək ki, beynəlxalq əlillər günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
azertag.az