Lerikdə qədim daş kitabələr aşkar edilmişdir
14.12.2012

Lerik rayonunun yüksək dağlıq ərazisində yerləşən Orand massivində qədim daş kitabələr aşkar edilmişdir.

Aşkar olunan qayaüstü təsvirlərin ilk baxışdan yazı olmasını ehtimal etmək olar. Bu yazılar uzaq məsafədən də aydın görünür.

Belə təsəvvür yaranır ki, əvvəlcə qayanın üzəri hamarlanmış, onun səthinə oyma üsulla yazılar həkk olunmuşdur. Bəzi yerlərdə aşınmaların olduğu da diqqəti cəlb edir.

Ümumilikdə, bir neçə qaya səthi olmaqla, bu yazılar təxminən 80-100 metrlik məsafəyə qədər uzanır.

Yeni tapıntı yerli tarixçilərin də diqqətini cəlb etmişdir. Uzun müddət yaşadığı ərazinin tarixini və mədəni irsini tədqiq edən Lerik şəhər 3 nömrəli orta məktəbin tarix müəllimi Araz Qurbanov bildirmişdir ki, aparılan elmi-arxeoloji tədqiqatlar bir daha sübut edir ki, alt paleolit, orta paleolit, mezolit dövründən bu günə qədər Lerikdə həyat davam etmişdir.

Yenicə aşkarlanmış daş kitabələr isə bu ərazidə daimi yaşayış məskənin mövcudluğundan, buranın həmin dövrdə qədim dövlətlərdən, yaxud da birlik və tayfalardan hansınınsa birinin siyasi mərkəzlərindən olmasından xəbər verir.
Güman etmək olar ki, daş kitabələrdə həkk olunan yazılar hansısa qədim dini təlimlə bağlıdır. Bu yazılarda həmin dövrün siyasi rəhbərlərindən, tayfa başçılarından özləri, yaxud siyasi hakimiyyətin ərazisi haqqında məlumatlar öz əksini tapmışdır.

Tədqiqatçı müəllim Əliheydər Əliyevin sözlərinə görə isə daş kitabənin yerləşdiyi ərazidən bir qədər aralıda qədim tikili də mövcud olmuşdur. Bunu həmin ərazidən səpələnmiş halda tapılan süxurlar da sübut edir. Belə ki, bu süxurlardan o zaman qədim tikililərin inşası zamanı istifadə edilmişdir.

Ərazidə, həmçinin bulaqların olması və el arasında buranın “kivişə”, yəni iki meşə dərəsi adlandırılması isə Lerikin qədim insan məskəni olduğuna sübut edir.

AzərTAc