Dekabrın 13-ü axşamdan 14-ü səhərədək ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Ağcabədidə dekabrın 13-də yağış 100.0 mm, Neftçalada 33.0 mm, Qazıməmməddə 25.0 mm, Salyanda 21.0 mm, Qubada 15.0 mm, Xaçmazda 14.0 mm, Qaradağda 12.0 mm, Cəfərxan, Bakıda 10.0 mm (aylıq normanın faizi), Altıağacda 9.0 mm, Ələtdə 8.0 mm, Sumqayıtda 6.0 mm, Mərkəzi aranın digər rayonlarında 1.0-5.0 mm, Lənkəran-Astara zonasının digər rayonlarında 0.7-6.0 mm, Balakən-Şəki zonasının digər rayonlarında 1.0-5.0 mm, Qazax-Gəncə zonasında 0.5-2.0 mm, Daşkəsən-Gədəbəy zonasında 0.4-1.0 mm, Maştağa, Binədə 1.0-3.0 mm olub.
Şəki, Mərəzə, Altıağac, Quba, Sarıbaş (Şəki), Kişçayda (Şəki) qar düşüb. Vizual müşahidələrə görə, səhər saat 08:00-10:00 radələrində Bakı şəhərinin nisbətən yüksək ərazilərində yağışla sulu qar yağıb.
Qar örtüyünün hündürlüyü Altıağacda 12 sm, Sarıbaşda 6 sm, Kişçayda 1 sm-ə çatıb.
Şimal-şərq küləyi Biləsuvar, Qazıməmməd, Neftçalada 20 m/s, Abşeron dəniz rayonunda 13-17 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb. Dekabrın 14-də havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 3-4 dərəcə isti, aran rayonlarında 4-7 dərəcə isti, dağlıq rayonlarda 3-4 dərəcə şaxta, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edib.
Dekabrın 15-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 18-dək havanın soyuq, şaxtalı olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında havanın temperaturu 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək. Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq. Bakı və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-dən 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək.
APA