Bakı Şopinq Festivalı payız mövsümünü başa vurub.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ikinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb. Oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir.
Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın Tax Free sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.
Alıcılar Bakı Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə, Bakı Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artıb.
report.az