BP-nin vitse-prezidenti BANM-də master-klass keçib
6.12.2017

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylı Bakı Ali Neft Məktəbində (BANM) master-klass keçib.
Bu barədə Ali Məktəbdən məlumat verilib.
Görüşdə BANM-in rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
“Menecment, liderlik və motivasiya” adlı master-klassda vitse-prezident öncə tələbələrə təhsilin əhəmiyyətindən danışıb və BANM-də təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. B.Aslanbəyli təhsili bitirdikdən sonra gələcək yolun planlaşdırılmasından, peşəkar və şəxsi inkişafdan, karyeraya gedən yolun qiymətləndirilməsindən danışıb və tələbələrə horizontal və vertikal inkişafın xüsusiyyətlərini izah edib.
Görüş zamanı tələbələr liderlik xüsusiyyətləri, BP kimi transmilli şirkətlərin işə qəbul zamanı namizədlərdə görmək istədikləri peşəkar və şəxsi keyfiyyətləri, təhsil və karyeranın vaxtında və düzgün planlaşdırılması kimi mövzularda geniş informasiya əldə ediblər.
Tədbirin sonunda Elmar Qasımov BP-nin vitse-prezidentinə təşəkkürünü bildirib və BP-ni BANM-in ən yaxın partnyoru olduğunu vurğulayıb. Tələbələr isə peşəkar və şəxsi inkişaflarına dair onları maraqlandıran sualları B.Aslanbəyliyə ünvanlayıblar.
Qeyd edək ki, BP-nin vitse-prezidenti B.Aslanbəyli eyni zamanda BANM-in baş müəllimidir və Ali Məktəbin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrinə dərs deyir.

report.az