İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubileyi qeyd olunub
6.12.2017

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafinda xidmətləri olan istedadlı səs operatoru Əsəd Əsədovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Kinostudiyadan verilən məlumata görə, tədbirdə kinostudiyanın direktoru, Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmov, Xalq artistləri Rasim Balayev, Oqtay Mirqasımov və başqaları yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirdikdən sonra kinostudiyada əmək fəaliyyətinə başlayan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150–dən çox süjetinin səs operatoru olub. “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Təxribat”, “Günlərin bir günü”, “Yaramaz”, “Əlvida, cənub şəhəri”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə səs tərtibatı sənəti və texnikası sahəsində professionallığını, parlaq yaradıcılıq istedadını nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Əsəd Əsədov 1991-ci ildə “Yaramaz” filminə görə Dövlət mükafatına, 2003-cü ildə “Ailə” bədii filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına, 2000-ci ildə isə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layıq görülüb.

azertag.az