Muğam Mərkəzində bəstəkar Aydın Ağasiyevin mahnıları səslənib
6.12.2017

Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar Aydın Ağasıyevin xatirəsinə həsr olunmuş musiqili gecə təşkil edilib.

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə qonaqlar bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.

Əməkdar Artist Təranə Vəlizadə, şair-dramaturq Ramiq Muxtarov və şair Dəmir Gədəbəyli çıxış edərək sənətkarın həyat yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Gecədə tanınmış gənc ifaçılar tərəfindən bəstəkarın “Bakı”, “Yandır məni”, “Tələsmə ürəyim”, “Azərbaycan torpağı”, “Dünyam”, “Əsgər marşı”, “Dərd imiş”, “Analar”, “Uzaq xatirələr”, “İnanım inanmayım”, “Kim oldu”, “Yumul bənövşəm yumul” və digər mahnılar səsləndirilib.

Əməkdar Artist Rəna Talıbovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Vaqif Mustafazadə adına “Sevil” Vokal İnstrumental Ansamblı və Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının iştirak etdiyi musiqili gecə maraqla qarşılanıb.

Sonda bəstəkarın oğlu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasıyev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

azertag.az