İsveçrəli rəssam Bakıda ustad dərsi keçəcək
6.12.2017

İsveçrənin Azərbaycandakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə dekabrın 9-dan 12-dək İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “H.E.Art” layihəsi reallaşacaq. Layihə çərçivəsində sənətkarlar “İsveçrə və onun təbiəti” mövzusunda rəsm əsərləri yaradacaq.

İsveçrənin Azərbaycandakı səfirliyindən bildirilib ki, “H.E.Art” layihəsi çərçivəsində dekabrın 9-10-da dünyada “BustArt” adı ilə tanınan isveçrəli rəssam Ştefan Buster və altı Azərbaycan rəssamının iştirakı ilə ustad dərsləri keçiriləcək. İki gün ərzində fırça ustaları neftdən istifadə etməklə əsərlər yaradacaq.

Tədbirdə müasir qrafit texnikasının öyrənilməsi ilə maraqlanan gənc rəssamlar və tələbələr iştirak edəcək.

Dekabrın 12-dən 2018-ci il yanvarın 10-dək İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında bu əsərlərin sərgisi təşkil olunacaq.

azertag.az