Dekabrın 7-də “La Skala” teatrı yeni mövsümü Umberto Cordanonun “Andre Şenye” operasının tamaşası ilə açacaq.
“Euronews”a istinadla xəbər verilir ki, azərbaycanlı tenor Yusif Eyvazov Şenyenin partiyasını oxuyacaq, onun xanımı soprano Anna Netrebko isə baş qəhrəmanın sevgilisi Madlen de Kuanyinin obrazını yaradacaq. “La Skala” səhnəsindəki tamaşanın quruluşçu-rejissoru Mario Martonedir. Əsərin librettosunda Fransa İnqilabını ürəkdən dəstəkləyən və sonradan bu inqilabın qurbanlarından birinə çevrilən aristokrat şairin taleyindən bəhs edilir.
Anna Netrebko deyib: “Mən ərimlə bərabər tez-tez oxuyuram. Bizim görüşməyimiz də bunun sayəsində olub. Elə bu səbəbdən maestro həmin tamaşa üçün bizim səslərimizi seçib. Ərim qəribə ifaçıdır. Əlbəttə, biz, xüsusən Yusif çox həyəcanlanır. Ona görə ki, bu rol onun üçün çox əhəmiyyətli, böyük debütdür”.
Tamaşanın rejissoru Mario Martone “Euronews”a müsahibəsində deyib: “Andre Şenye iddia edir ki, məhəbbət həyatın başlıca prinsipi, əsas məqamı və bütün varlığın mənbəyidir. Eyni zamanda o, inqilabın iflasa uğramasından, bu hadisəni ölümsaçan maşına çevirən dəhşətli hadisələrdən bəhs edir”.
Bəstəkar Umberto Cordano “Andre Şenye” operasını 1896-cı ildə yazıb. O vaxt Cordanonu demək olar ki, tanıyan yox idi. Lakin bu əsər “La Skala” teatrında tamaşaya qoyulandan dərhal sonra onun müəllifi məşhurlaşdı. Dünya şöhrətli Milan operasının indiki rəhbərləri həmin uğuru təkrarlamaq arzusundadırlar. İncəsənət və siyasət aləminin məşhurları premyeraya baxmağa gələcək, tamaşa Avropanın bir neçə telekanalı ilə birbaşa translyasiya ediləcək.
azertag.az