Samsunda Azərbaycanın təqdimat günü
6.12.2017

Türkiyənin Samsun şəhərindəki On Doqquz May Universitetində (OMU) Azərbaycanın təqdimat günü keçirilib.

Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Tələbə Təşkilatı tərəfindən təşkil olunmuş mərasimin keçirilməsinə Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşavirliyi, o cümlədən bir sıra digər təşkilatlar tərəfindən dəstək verilib.

Təqdimat günündə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ölkələrimiz arasındakı təhsil əlaqələrinin keçmişə dayandığını deyib: “XX əsrin əvvəllərində də heç bir protokol müqaviləsi olmadan bizim vətəndaşlarımız gəlib Türkiyədə təhsil alıblar. Bu gün də eyni proses davam edir. Yalnız bir fərqlə, artıq sizin ölkənin gəncləri də bizim universitetlərimizdə təhsil alırlar. İnanıram ki, hər iki ölkənin gəncləri gələcəkdə bu iki qardaş ölkənin sarsılmaz körpüləri olacaqlar”.

OMU-nun rektor müavini, professor Mehmet Ali Cengiz isə iki ölkənin ortaq dəyərlərinin olduğunu vurğulayaraq ölkələrimizin yad deyil, qardaş olduğunu söyləyib. O, təqdimat günündə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra ölkəmizin tanıtım videosu nümayiş edilib. Nümayişdən sonra azərbaycanlı tələbələr hazırladıqları teatr, xalq oyunları və milli musiqilərlə qonaqlara gözəl anlar yaşadıblar.

Təhsil müşaviri Nəcibə Nəsibova başda On Doqquz May Universitetinin rektoru Sait Bilgiç olmaqla Azərbaycanın təqdimat günündə əməyi keçənlərə diplom təqdim edib. Sait Bilgiç də Nəcibə Nəsibovaya sertifikat verib.

İştirakçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq ediliblər.

azertag.az