Bolqarıstanda Azərbaycan istehsalı olan məhsulların tanıdılması davam etdirilir
7.12.2017

“Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqinin davam etdirilməsi məqsədilə Sofiyada keçirilmiş V Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə istehsal olunan spirtli içkilərin, şərab və konyakların təqdimatı keçirilib.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan şərabçılıq və spirtli içkilərin istehsalı tarixi, müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və içkilər barədə Bolqarıstanın şərabçılıq və spirtli içkilər sahəsində aparıcı eksperti tərəfindən təqdimat keçirilib. Təqdimatla yanaşı, “Abşeron Şərab” ASC-nin “Natural” brendi altında istehsal etdiyi tərxun, tut, zoğal, ballı bibər, çaça və limon arağları, “Tovuz-Baltiya LTD” şirkətinin Al-Kuhulu brendi altında istehsal etdiyi alma və qarpız arağları, “Gəncə-Şərab 2” ASC-nin “Yeddi gözəl” və “Hillside” brendləri altında istehsal etdiyi ağ və çəhrayı şərabların dequstasiyası keçirilib.
“Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü iştirakçıların diqqətinə çatdırılıb. “Agro-Azerinvest” LTD şirkətinin 15 illik “Gold Baku” konyakına xüsusi diqqət ayrılıb, konyakın tərkibi və rəngi barədə ətraflı məlumat verilib. Bütün məhsullar böyük marağa səbəb olub, “Gold Baku” konyakı və “Al-Kuhulu” alma arağı isə dadına görə iştirakçılar tərəfindən xüsusi heyranlıqla qarşılanıb.
Bolqarıstan, Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya və digər ölkələrdən olan istehsalçıların 250-dən çox məhsulu təqdim edildiyi bu festivalı 3 gün ərzində 3000-dən çox insan ziyarət edib.

report.az