Akademik Opera və Balet Teatrında dekabrın 16-da Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, tamaşa görkəmli Azərbaycan müğənnisi Bülbülün 120 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, Bülbül milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaradıb. 25 ildən artıq bir müddətdə xalq musiqi yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi, nota köçürülməsi və nəşri sahəsində böyük iş görüb.
Görkəmli müğənni, demək olar ki, bütün Azərbaycan operalarının qəhrəmanlarının ilk ifaçısı olub. Lakin Ü.Hacıbəylinin eyni adlı operasında yaratdığı Koroğlu obrazı onun vokal səhnə sənətinin zirvəsi sayılır.
Böyük sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Koroğlu partiyasını əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Tamaşada həmçinin əməkdar artistlər - İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əkrəm Poladov (Alı), Əliəhməd İbrahimov (Təlxək), xalq artistləri - Əli Əsgərov (İbrahim xan), Fidan Hacıyeva (Xanəndə qız), Sabir Əliyev (Vəli), solistlərdən Taleh Yahyayev (Ehsan paşa), Tural Ağasıyev (Həmzə), Fəhmin Əhmədli (Vəzir) çıxış edəcəklər.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
report.az