“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb
8.12.2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” “Microsoft Azərbaycan” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Nazirlikdən verilən məlumata görə, tərəflər arasında əldə olunan razılığa əsasən, “AzInTelecom”un Data Mərkəzinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair birgə əməkdaşlıq ediləcək.

2016-cı ilin dekabr ayında istismara verilən “AzInTelecom”un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzin texniki imkanları vasitəsilə “bulud” əsaslı infrastruktur həlləri təqdim edən “AzInTelecom”un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan “Microsoft” şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir.

Belə ki, şirkətlərin ümumi məramı ən son data texnologiyaları və xidmətləri üzrə müvafiq məlumatların müasirləşdirilməsi və İT infrastrukturunun qiymətləndirilməsi üçün informasiya təminatından, eləcə də, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir.

Bundan əlavə, “AzInTelecom”la qarşılıqlı əməkdaşlıq şəraitində hökumət və kommersiya qurumları “Microsoft”un lisenziyalaşdırma proqramı və həlləri ilə daha təhlükəsiz şəkildə təmin olunacaq.

Potensial əməkdaşlıq çərçivəsində “AzInTelecom”da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və xarici telekommunikasiya operatorları arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) əsaslı xidmətlər.
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur xidmətləri ISO 20000 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər).

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

trend.az