Azərbaycanda ilk dəfə Çin həftəsi təşkil olunub
8.12.2017

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu ali məktəbdə Azərbaycanda ilk dəfə Çin həftəsi keçirilib.

Universitetdən bildiriblər ki, bu tədbir Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi ilə Çin Xalq Respublikasının “Hanban” təşkilatı arasında imzalanan ikitərəfli müqaviləyə əsasən “Çin guşəsi” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Çin mədəniyyətini, ədəbiyyatını, dilini, coğrafiyasını təbliğ etmək, Çin dilində tədris alan tələbələrə dəstək göstərməkdir.

“Xəzər Universitetində I Çin həftəsi”nin əsas məqsədi ənənəvi Çin incəsənətini və mədəniyyətini kəşf etmək, xəttatlıq sənətini, ənənəvi Çin mətbəxini, ənənəvi Çin oyunlarını nümayiş etdirmək idi.

Tədbirdə Xəzər Universitetinin müəllim və tələbələri, Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun dekanı Luo Xiaozhi, Xəzər Universitetində beynəlxalq Çin dili və ədəbiyyatı müəllimi Li Ya, Çin mətbəxi təqdimatında Liu Lili, Çin döyüş sənəti olan “tai-chi”ni təqdim edən professor Gaojunxia və Konfutsi İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və yüksək dəyərləndirilib. Gələcəkdə Çin mədəniyyəti və folklor sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Sonda bütün iştirakçılara Xəzər Universiteti tərəfindən hədiyyələr təqdim olunub.

azertag.az