Xarici tibb mütəxəssislərinin arıqlama dərmanları ilə bağlı apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.
Arıqlama dərmanları ilə bağlı müxtəlif təzadlı fikirlərin söylənildiyi Azərbaycanda da son zamanlar belə preparatlara maraq artıb. Artıq çəkidən azad olmaq istəyənlər bu dərmanlarından istifadəyə daha çox üstünlük verirlər.
Həkim mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, xaricdə bu cür dərmanlar adətən reseptlə satılır. Azərbaycanda isə arıqlama preparatlarının hamısı satışa reseptsiz buraxılır: "Nəzarət olmadan, məsləhətləşmədən bu dərmanları qəbul etmək məqsədəuyğun deyil. Arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları həkimlər tərəfindən orqanizmin xüsusiyyətindən, kökəlmənin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edilməlidir. Lakin təəssüflər olsun ki, insanlar dərmanları özbaşına qəbul edirlər. Bunun nəticələri ilə bağlı da xeyli problemlər yaşanır".
Y.Abdiyeva qeyd edib ki, apteklərdə reseptsiz satılan arıqlama preparatları istifadəçilərə müxtəlif formalarda - bitki çayları, kofe və həblər şəklində təqdim edilir.
Mütəxəssis hesab edir ki, arıqlama dərmanları vasitəsilə çəkini azaltmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər:
"Dərmanı qəbul edəndən sonra preparat mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır, insan əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür".
trend