Azərbaycanda Elektron Hökumət üzrə Təlim Mərkəzi yaradılacaq
17.12.2012

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında Azərbaycanda Elektron Hökumət üzrə Təlim Mərkəzinin yaradılması layihəsinə dair ilkin razılıq əldə edilib.

Razılaşmaya əsasən, Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda elektron hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur. Mərkəz vasitəsilə dövlət qulluqçularının İKT, elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin verilməsi planlaşdırılır.

Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində «e-hökumət» ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəlməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.

APA