“Sabahdan etibarən 2-3 gün ərzində temperaturun tədricən yüksələcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti üstünlük təşkil edəcək”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, dekabrın 18-də günün birinci yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.
Bölgələrdə dekabrın 18-i gündüz saatlarında qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, dekabrın 19-da isə şərq rayonlarında arabir az yağıntılı olacağı gözlənilir, sulu qar və qar yağacaq.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda isə havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
APA