Elmi Bərpa Mərkəzinin əməkdaşlarına orden və medallar təqdim edilib
11.12.2017

Dekabrın 11-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 60 iliyi çərçivəsində tədbir keçirilib.

Milli İncəsənət Muzeyində reallaşan tədbirdə əvvəlcə qonaqlar mərkəzdə saxlanılan eksponatların yer aldığı sərgi ilə tanış olublar

Sonra mərkəzin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş edilib.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, Elmi Bərpa Mərkəzində bu günədək 2 minə yaxın müxtəlif muzey eksponatları bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb. Vurğulanıb ki, respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına daxil olan maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir. Cənubi Qafqazda yeganə olan Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə tarixi-mədəni abidlərin, eləcə də sənət əsərlərinin bərpası dövlət və ictimai əhəmiyyət kəsb edir. Bərpaçılıq sənətinin yarım əsrlik bir dövrü əhatə etməsi bir daha bu peşənin xalqın maddi və mənəvi dəyərlərinin qorunmasından xəbər verir və bu sahəyə olan diqqətin davamlığını şərtləndirir.

Bu sahənin dövlət başçısının diqqətə və qayğısı ilə əhatələndiyini deyən nazir söyləyib ki, hazırda Elmi Bərpa Mərkəzində 40-dək insan çalışır.

Sonra nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən mərkəzin fəxri adlara layiq görülmüş bir qrup əməkdaşına orden və medalları təqdim edib.

azertag.az