Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritetlərindən biri olan uşaq və yeniyetmələrin mütaliəsinə dəstək vermək məqsədilə xüsusi tədbirlər planının hazırlanması istiqamətində işlər aparılır. İnformasiya mənbələrinin çoxluğunu nəzərə alaraq, kitabxana mütəxəssisləri daha çox uşaqların diqqətini kitaba cəlb etməyə çalışırlar.
Nazirlikdən verilən məlumata görə, qurumun təşəbbüsü və təşkilatı dəstəyi ilə uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib. Müsabiqəyə informasiya dəstəyini “Vışka” qəzeti həyata keçirir.
Müsabiqənin ilk iyirmi sualı qəzetin noyabrın 24-30 tarixlərindəki nömrəsində dərc edilib. Viktorina iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə uşaqlara dünya xalqlarının nağıllarından 20 sual, ikinci mərhələdə isə Azərbaycan uşaq ədəbiyyatından 20 sual təklif ediləcək.
Qaliblərə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”dan istifadə və həmin kitabxanaya istədikləri kitabların daxil edilməsi üçün sifariş vermək imkanı yaradılacaq. Bundan başqa, müsabiqənin ilk üç qalibi gələn il 80 illik yubileyini qeyd edəcək qəzetə ödənişsiz abunə olacaq.
Müsabiqənin sualları ilə http://mct.gov.az/az/medeniyyet-xeberleri/usaqlarin-kitabxanalara-ve-kitaba-maraginin-artirilmasi-meqsedile-nagillara-seyahet-musabiqesi-elan-edilib linkindən tanış ola bilərsiniz.
azertag.az