Zərdabda yem emalı müəssisəsi və tibb məntəqəsi istifadəyə verilib
11.12.2017

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyələşdirdiyi "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı icmasında yem emalı müəssisəsi və Əlibəyli icmasında tibb məntəqəsi fəaliyyətə başlayıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, bununla əlaqədar keçirilən tədbirlərdə nazirliyin, USAID-in, yerli icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Bildirilib ki, yem emalı müəssisəsinin inşasında əsas məqsəd kənd əhalisinin məşğulluğunu təmin etmək, heyvandarlığı inkişaf etdirməkdir. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunub, hər birinin gücü saatda 1,5 ton olan toxumtəmizləyən, yemüyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb. Burada 5 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Tibb məntəqəsinin inşası isə əhalinin tibb xidməti ilə təminatının yaxşılaşdırılması məqsədi daşıyır. 4 ixtisaslı kadrın işlə təmin ediləcəyi məntəqə ilkin tibbi yardım, vaksinasiya və digər tibbi xidmətlər üçün avadanlıqlarla təchiz olunub.

report.az