BANM-də ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
12.12.2017

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə BANM-dən məlumat verilib.

Mərasimdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tədbir iştirakçılarını salamlayaraq onlara ümummilli liderin müdrik siyasəti, Vətən və dövlət qarşısındakı xidmətlərindən söz açıb və öz xatirəsində qalan dahi şəxsiyyətin xeyirxah əməllərindən danışıb.

Ali Məktəbin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev isə ulu öndərin tarix boyu qoyduğu izdən, onun illər üzrə siyasi fəaliyyəti və quruculuq işlərindən söz açıb.

Tədbirdə BANM-in tələbələri də Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiya ilə çıxış ediblər. Ali Məktəbin 5-ci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev böyük araşdırma edərək dahi rəhbərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətini, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasətini və bu siyasətinin nəticələrini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Anım mərasimində, ümummilli liderin müstəqillik, yaradıcılıq, quruculuq ideyaları, həmçinin bu ideyaların Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu davamı tədbir iştirakçıları üçün nümunə gətirilib və hər kəs xalqımızın davamlı inkişaf strategiyasına bu istiqamətdən yanaşaraq töhfə verməyə çağırılıb.

report.az