Ümummilli Liderin anım günü ilə bağlı Əddis-Əbəbədə ağacəkmə aksiyası və xeyriyyə tədbiri keçirilib
12.12.2017

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən Əddis-Əbəbə Universitetinin nəzdində fəaliyyət göstərən Qullele Botanika Bağında xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada səfir Elman Abdullayev, səfirliyin əməkdaşları, Əddis-Əbəbə Universitetinin və Qullele Botanika Bağının nümayəndələri iştirak ediblər. Ağacəkmə aksiyası zamanı Afrika və xüsusilə Efiopiya iqliminə uyğun olan müxtəlif növ ağaclar və güllər əkilib.

Sonra ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Əddis-Əbəbədəki dörd məktəbin aztəminatlı ailələrdən olan şagirdlərinə səfirlik tərəfindən xeyriyyə məqsədilə nahar süfrəsi təşkil edilib. Naharda 120-yə yaxın aztəminatlı ailənin uşaqları iştirak ediblər.

Tədbirin sonunda məktəblərin rəhbərlikləri adından çıxış edən xanım Dename Debero Efiopiyada ehtiyacı olan uşaqlara və ailələrə bu cür qayğı göstərdiyinə görə Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib. O, bu cür addımı Efiopiyanın gələcək nəsli üçün önəmli mənəvi dəstək kimi qiymətləndirib.

Səfir Elman Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, dahi azərbaycanlı, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb. Həmçinin səfir E.Abdullayev 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq və parçalanmaq təhlükəsindən qurtardığını və gələcək nəsillər üçün inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd edib.

azertag.az