Dekabrın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıb. O bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi yüksəlişinin təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması böyük siyasi və ictimai xadimin səyləri nəticəsində mümkün olub. Komitə sədri deyib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələrində inkişafa güclü stimul verdi.
Komitə sədri bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də dövlət qadın siyasəti idi. 1995-ci ildə Pekində keçirilmiş “VI Ümumdünya Qadın Konfransı”nda Azərbaycan qadınlarının iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi: “Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20 faizini itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkəmizin qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edirdi. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Dünyanın 189 ölkəsi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində Pekin Bəyannaməsini və Fəaliyyət Platformasını qəbul etdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransda ölkəmizi layiqincə təmsil etmiş qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər”.
Hicran Hüseynova bildirib ki, müstəqillik əldə edildikdən sonra böyük siyasi iradə tələb edən məsələlərdən biri də ölkəmizdə bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması idi. Bunun nəticəsi olaraq, Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Bu da ölkəmizdə qadınların statusunun artırılmasına verilən dəyərin yüksək göstəricisidir.
Komitə sədri diqqətə çatdırıb ki, zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Yarandığı gündən etibarən Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsi və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Bildirilib ki, ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan kompleks islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti dünya məkanında özünə layiqli yer tutub.
Ombudsman qeyd edib ki, ümummilli lider Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Dahi şəxsiyyətin uzaqgörən strategiyasının onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan E.Süleymanova deyib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb. Ombudsman Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində də mühüm işlərin görüldüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lider bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr edib.
A.Naxçıvanlı müdrik siyasi xadim Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətini diqqətə çatdırıb, Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, BDU-nun ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək Ümummilli Liderin Azərbaycanın inkişafı, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev müxtəlif sahələrdə çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini hər zaman diqqətlə izləyib, onların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüb.
Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.
azertag.az