“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi dayandırılıb. Bu barədə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O bildirib ki, qanun layihəsində “surroqat ana” və “donor bankı” əvvəldən mübahisəli məsələlər olub. Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti bu məsələlərə hazır olmadığı üçün qanun layihəsinin müzakirəsi saxlanılıb.
“Azərbaycanda həkimlər, mütəxəssislər “donor bankı” ilə bağlı fikirlərini demişdilər. Lakin burada dinlə uyğunsuzluq olduğuna görə bütövlükdə məsələ gündəmdən çıxarıldı. Bu gün cəmiyyət bu məsələlərə hazır deyil. Ailə planlaşdırması və reproduktiv sağlamlıq bu gün bütün dünyada əsas müzakirə olunan mövzulardan biridir. Dünyada övladlığa uşaq götürməkdənsə, bu cür yollarla övlada sahib olmaq daha məqbul hesab olunurdu. Dünya bunu müzakirə edir, biz də müzakirə etdik. Lakin müəyyən məsələlər və problemlər olduğu üçün plenar iclasa vermədik. Azərbaycanda bu məsələni insanlara çatdırmaq müəyyən zaman istəyir. Bütövlükdə bu gün üçün qanun layihəsini saxladıq. “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq Milli Məclisdə müzakirə olunmayacaq. Cəmiyyətdə müzakirə olunsa da, bunun parlamentdə müzakirəsini dayandırdıq. Ola bilsin ki, 5 ildən sonra bu məsələ yenidən gündəmə gələcək”, - deyə o əlavə edib.
APA