Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) idman jurnalistikası ixtisası üzrə ilk magistr proqramının tədrisinə başlanılıb. Böyük Britaniyanın qabaqcıl ali məktəblərindən biri olan Şeffild Hallam Universiteti ilə birgə hazırlanan proqramın məqsədi tədris prosesinin təkmilləşdirilməsi və inkişafı, idman jurnalistikası sahəsində kadr potensialının artırılmasıdır.
ADBTİA-dan bildiriblər ki, proqramın tədrisi üçün vaxtaşırı yerli və xarici müəllimlər, ekspertlər cəlb olunurlar. Böyük Britaniyanın Şeffild Hallam Universitetinin idman jurnalistikası üzrə mütəxəssisi və fəxri müəllimi Martin Smis də akademiyada olub. O, ADBTİA-da idman jurnalistikası ixtisası üzrə təhsil alan magistrlər üçün idman jurnalistikasının tarixi və metodologiyası fənnini tədris edib. Birhəftəlik intensiv sessiyalarda tələbələr idman jurnalistikasının tarixi və metodologiyasına dair mühazirələri dinləyib, qlobal və yerli kontekstdə bu sahənin inkişaf mərhələləri ilə tanış olublar.
Martin Smis qeyd edib ki, Azərbaycanda bu istiqamətdə tədrisin aparılması olduqca sevindirici haldır və bu, jurnalistika sahəsində ixtisaslaşmanın aparılmasına böyük təkan verəcək. Britaniyalı müəllim tələbələrin dərslərdə fəallığından, ADBTİA-da dərs prosesinin effektivliyi üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 2017-2018-ci tədris ilinin növbəti semestrində idman jurnalistikası ixtisası üzrə təhsil alan magistrlərin Böyük Britaniyaya səfərləri planlaşdırılır. Tələbələr səfər müddətində İngiltərənin qabaqcıl media qurumlarının iş prosesi ilə tanış olacaq, ADBTİA-nın tərəfdaşı olan Şeffild Hallam Universitetində ixtisaslarına uyğun intensiv təlim və tədris sessiyası keçəcəklər.
azertag.az