18 dekabr - Beynəlxalq Miqrant Günüdür.
1990-cı il dekabrın 18-də BMT Baş Assambleyasında bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiya qəbul edilib. 2000-ci ildən etibarən isə 18 dekabr tarixi Beynəlxalq Miqrant Günü
kimi qeyd olunur.
Qeyd edək ki, ilk beynəlxalq miqrantlar günü tədbirləri Filippinin paytaxtı Maniladakı BMT binasında yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib.
2006-cı il dekabrın 14-15-də baş tutan BMT Baş Assambleyasının Beynəlxalq Miqrasiya və İnkişaf üzrə Yüksək səviyyəli Dialoquna 132 üzv dövlət qatılıb. İlk olaraq iştirakçılar beynəlxalq miqrasiyanın böyüyən fenomen olduğunu və hüquqlar çərçivəsində onun ölkələr arasındakı əməkdaşlığa müsbət təsir göstərə biləcəyini vurğulayıblar.
Həmçinin dialoq iştirakçıları qeyd ediblər ki, beynəlxalq miqrasiyadan faydalanmağın yeganə yolu fundamental hüquq və azadlıqlara hörmət etməkdən keçir.
Əlavə olaraq, iştirakçı ölkələr lokal, regional və qlobal səviyyədə beynəlxalq miqrasiya prosesində yarana biləcək fəsadlarla mübarizə aparmaq və bu istiqamətdə əməkdaşlıq etməyin vacibliyini diqqətdə saxlayıblar.
Qeyd edək ki, 2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilib. Bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilib. Dövlət Miqrasiya Siyasəti Konsepsiyasından irəli gələn məsələlərin həyata keçirilməsi üçün 2006-cı il iyulun 25-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilib.
Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.
Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Prezidentin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi və s. məsələlər daxildir.
Eyni zamanda, bu qurum ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Yuxarıda sadalananları həyata keçirmək üçün Dövlət Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.
Gün.Az