Azərbaycan üçüncü dəfə dünyanın ən nüfuzlu yarışlarından olan “Formula-1” üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bakıda 2018-ci il 27- 29 aprel tarixlərində baş tutacaq mərhələni əcnəbilər üçün cəlbedici edən bir sıra məqamlar var.
Onlardan 10 önəmlisini təqdim edirik...
1. Azərbaycan mülayim iqlimə malik ölkədir. Adətən, apreldə Bakı və Abşeron yarmadasında orta aylıq temperatur 11 - 14 dərəcə isti (gecələr 7 - 12, gündüzlər ayın birinci yarısında 14 - 19, ikinci yarısında 20 - 25 dərəcə) olur.
2. Bakı - müasirlik və qədimliyin sintezidir. Buna paytaxtın foto və videogörüntülərinə baxmaqla əmin ola bilərsiniz.
3. Azərbaycan ərazisi mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. Bu da ölkə təbiətini rəngarəng edir. Formula 1-ə gəlmək həm də qədim ənənələrə, zəngin tarix və mədəniyyətə məxsus ölkə ilə tanışlıq fürsətidir. Özünüz üçün Azərbaycanı kəşf edə bilərsiniz.
4. Azərbaycan tolerantlıq nümunəsidir. Bu, ölkədə yaşayan insanların xarakterik cəhətidir.
5. Azərbaycanda irqçilik və antisemitizm yoxdur. Bu məqam bir çox beynəlxalq təşkilatın hazırladığı hesabatlarda da əksini tapıb.
6. Azərbaycan 25 ildən çoxdur müharibə şəraitində olsa da, təhlükəsizlik baxımından heç problemi yoxdur. Ölkədə asayiş yüksək səviyyədə təmin olunur. Vətəndaşlar cinayətkarlığa meylli deyillər.
7. "Formula-1" üzrə Qran-prilərə ev sahibliyi edən ölkələr arasında ən ucuz qiymətlərin müşahidə olunduğu yerlərdən biri Azərbaycandır.
8. "Formula-1" təqvimində şəhər treki olan 3 yer var – Bakı, Monako və Sinqapur. Bakıya gəlin və şəhər trekindən zövq alın.
9. Şəhər trekinin özəlliklərindən biri qalmaqal, qəza və gözlənilməz nəticələrin qeydə alınmasıdır. 2017-ci il mövsümündə “Red Bull” komandasının pilotu Daniel Rikkardo Azərbaycan Qran-prisinin qalibi olduğu halda, Lüis Hemiltonla Sebasytan Fettel arasında yaşanan qalmaqal hələ də müzakirə olunur.
10. Azərbaycan Qran-prisinin özəlliklərindən biri dünya ulduzlarının iştirakı ilə şou-proqramların təşkilidir. Ötən illərdə Meraya Keri, Nikol Şerzinger, Tarkan kimi tanınmış simalar Formula 1-i izləmək üçün təşrif buyuranlara xoş anlar yaşadıblar. 2018-ci ildə konsert "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin təşkil edildiyi "Baku Crystal Hall"da olacaq.
report.az