Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov və gənc alimlər çıxış ediblər.
A.Əlizadə müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. O vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar.
AMEA prezidenti qeyd edib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, bilikli cəmiyyətin qurulmasında onların rolunun artırılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu deyən akademik prosesin hazırda da davam etdiyini vurğulayıb.
Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultay nüamyəndələrinin qurultayın Mandat Komissiyası və katibliyinin tərkibi təsdiq edilib.
Daha sonra Azərbaycan gənc alimlərinin I qurultayının bəyannaməsi qəbul olunub. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.
Sonda qurultay iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxunub.
report.az