Bakıya yeni avtobuslar gətirilib
15.12.2017

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus Agentliyin sərnişindaşıma ilə bağlı müvafiq hüquqi normaitv aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. "Avro 5" standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, 2017-ci ildə “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən gələn ilin birinci yarısında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə, bu, gələn ilin birinci yarısınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqi nəzərdə tutulub.

trend