Firudin Nəbiyev: 9 ayda Azərbaycana 1 243 346 nəfər turist gəlib
18.12.2017

2017-ci ilin 9 ayı ərzində 2 072 076 halda 1 243 346 nəfər əcnəbi Azərbaycan ərazisinə daxil olub. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev məlumat verib.

Qurum rəhbəri qeyd edib ki, həmin dövr ərzində 2 077 544 halda 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb: "Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublika-sının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləş- dirilməsi ilə bağlı 66 min 828 müraciət daxil olub. 2017-ci ilin 9 ayı ərzində Çağrı mərkəzi şöbəsinə, ümumilikdə, 79 min 614 zəng daxil olub. 2013-cü il avqust ayının 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www. migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir".

F.Nəbiyev bildirib ki, əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar: "Təkcə bu ilin 9 ayında 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Bəzi şəxslər isə bu qeydiyyata formal yanaşaraq tanımadığı, haqqında heç bir məlumatı olmayan şəxsləri ünvanına qeydiyyata aldırır. Araşdırma zamanı məlum olur ki, həmin əcnəbi ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamır. Bəzi hallarda da insanlar qanunvericiliyin bu tələbinə laqeyid yanaşır, əcnəbinin ümumiyyətlə qeydiyyata düşməsini təmin etmirlər. Şübhəsiz ki, məcəllənin tələbi pozulduğuna görə inzibati məsuliyyət yaranır və hər iki tərəfə – həm qonağa, həm də onu qəbul edən fiziki və yaxud hüquqi şəxsə cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 575.3-cü maddəsində isə Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların ölkəmizdə olması, yaşaması və ya respublikanın ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin 577-ci maddəsinə əsasən isə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu gün DMX Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Amma qanunun tələbinə əməl etməyərək, qeydiyyatsız yaşayıb qanunsuz miqranta çevrilən əcnəbiyə təkcə inzibati xəta törətmiş şəxs kimi baxılması dünyada baş verən hadisələr fonunda mükəmməl yanaşma hesab olunmaya bilər. Çünki burada dövlətin, vətəndaşların, insanların təhlükəsizliyi məsələsi də aktulllaşır. Qeyd edim ki, DMX səlahiyyətləri çərçivəsində 9 ay ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində mü- vafiq tədbirlər həyata keçirib və ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib".

trend