“SOCAR Energy Holdings” Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb
19.12.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” SC Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb.

Bu barədə SOCAR-a istinadən xəbər verilir.

Məlumatda deyilir ki, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.

Son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və s. kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan A1 şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olub. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. A1-lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkətini əldə edib. A1 şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarəedilməsi məqsədi ilə “SOCAR Energy Austria” MMC təsis edilib. A1 şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin əməkdaşları işlərində saxlanılacaq və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.

“SOCAR Energy Holdings” SC-nin rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə edib: “A1 şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyni möhkəmləndirir” .

A1 YDM şəbəkəsinin və “Pronto Oil Mineralölhandels GmbH” firmasının keçmiş sahibi Qerhard Annavitt belə deyib: “Həm A1, həm də “Pronto Oil” şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq, onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm, fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək”.

Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub. Bu gün İsveçrədəki istehlakçıların 63%-dən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.
İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. A1 şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.

report.az