Bayramlarla əlaqədar elan edilən qeyri-iş günlərində "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş rejimdə çalışacaq. Bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
"Bütün sərnişinlərin təhlükəsizliyinin və daşınmasının təmin edilməsi məqsədilə QSC gücləndirilmiş iş rejimində çalışacaq", - Əzməmmədov deyib.
Onun sözlərinə görə, bayram günləri ərəfəsində hazırlıq işləri aparılır. O cümlədən, ölkə ərazisində hərəkət edən bütün qatarlara qoşulacaq əlavə vaqonlar hazırlanır.
Əzməmmədovun sözlərinə görə, habelə turizm şirkətləri QSC-yə bayram günlərində Gürcüstana turist qatarının təşkili barədə təkliflə müraciət edirlər. Sərnişin axınının çox olacağı halda, QSC əlavə reyslər təşkil edəcək.
"Əgər turist qatarının buraxılması üçün sərnişin axını kifayət qədər olmazsa, onda Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq", - Əzməmmədov qeyd edib.
trend.az