Dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 17-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 2703 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 965 nəfər imtahandan uğurla keçib.
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilib. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.
Bal intervalı | Qeydiyyatdan keçib | Test imtahanından uğurla keçib | Faizlə (%) |
1-100 | 15 | 0 | 0.0 |
101-200 | 104 | 7 | 6.7 |
201-300 | 531 | 82 | 15.4 |
301-400 | 743 | 215 | 28.9 |
401-500 | 676 | 292 | 43.2 |
501-600 | 468 | 256 | 54.7 |
601-700 | 166 | 113 | 68.1 |
Yekun: | 2703 | 965 | 35.7 |
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər, əsasən, qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337 nəfəri ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 25 nəfər imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.
report.az