Yatarkən smartfonu yastıq altında saxlamayın! - XƏBƏRDARLIQ
19.12.2017

Yatmış insanın yanında saxlanılan smartfonlar sağlamlıq üçün təhlükəlidir.

“Mir” teleradio şirkətinə istinadən verilən məlumata görə, müvafiq hesabatı Kaliforniyanın Səhiyyə Departamenti dərc edib.

Mütəxəssislərin məlumatına əsasən, cihazların elektromaqnit şüalanması xərçəng və sonsuzluq risklərini artırmasına dair daha çox faktlar üzə çıxır. Bununla əlaqədar həkimlər məsləhət görürlər ki, smartfondan istifadə edilmədikcə, onlar insan bədənindən ən azı bir neçə metr uzaqda saxlanılsın. Xüsusilə də bu, uşaqlara aiddir.

Sənəddə həmçinin vurğulanır ki, cihazlar yeniyetmələrin yuxusuna ziyan vura, psixoloji sağlamlığına zərər verə və diqqətlərinin yayınmasına səbəb ola bilər.

Elektromaqnit şüalanmadan başqa, təhlükəni cihazdan yayılan radio tezliklər də yarada bilər. Xüsusilə də cibdə daşınan cihazlarda bu tezliklər kişilərdə spermanın keyfiyyətinə təsir edə bilər.

Mütəxəssislər dəyən ziyanı azaltmaq üçün cihazı yatan zaman yastığın altında saxlamamağı və ya çarpayının yanında yerləşən dolabın üstünə qoymamağı məsləhət görürlər.

lent.az