Bu fikir Azərbaycanın Qətərdəki səfirinin QNA agentliyinə müsahibəsində yer alıb
Qətərin QNA xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin ikitərəfli əlaqələrimizə və Qətər Dövlətinin milli bayramına həsr olunan müsahibəsini yayıb.
Səfirlikdən bildiriblər ki, T.Abdullayev Qətərin milli bayramı münasibətilə ölkə rəhbərliyini və xalqını təbrik edib. Vurğulayıb ki, Qətər hökuməti tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində son illər ərzində ölkə bütün sahələrdə böyük inkişaf yolu qət edib, Yaxın Şərqdə önəmli gücə çevrilib.
Müsahibədə Azərbaycan-Qətər münasibətlərinin yüksək səviyyədə olduğu, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış 31 sənədin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı qeyd edilib. Səfir son iki il ərzində hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrarası əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Səfir Qətərlə bağlı regionda yaranmış mövcud vəziyyətin İslam dünyasının xeyrinə olmadığını bildirərək, məsələnin dialoq və beynəlxalq hüquq çərçivəsində qısa zaman ərzində həll olunacağına ümid etdiyini diqqətə çatdırıb. O, problemin həllinin İslam dünyasında həmrəyliyin inkişafında mühüm rol oynayacağını ifadə edib.
azertag.az