Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirib.
Mərkəzin rəhbəri Əhməd Sami Elaydi mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına ərəb dilinin yardım etdiyini bildirib. O, 2010-cu ildən etibarən 18 dekabrın Beynəlxalq ərəb dili günü kimi qeyd edildiyini söyləyib. O, ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edilməsi haqda məlumat verərək mütəxəssislərin bu təşəbbüsü alqışladığını söyləyib.
Tədbirdə iştirak edən akademik Vasim Məmmədəliyev, BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili müəlliməsi Könül Eyvazlı ərəb dilinin İslam aləmindəki əhəmiyyəti, dilin zənginliyi barədə geniş məlumat veriblər.
Misirli professor Əbdül Rəhim Əl-Kurdi çıxışında bildirib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatına əlavə edildikdən sonra dünya vətəndaşları tərəfindən onun öyrənilməsinə tələbat artıb. Avropa və Asiyanın nüfuzlu universitetlərində bir neçə əsr əvvəl açılmış ərəb dili şöbələri və institutlarından əlavə, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikası universitetlərinin bir çoxunda ərəb dili şöbələri yaradılaraq bir sıra ölkələr orta məktəblərdə ərəb dilinin ikinci bir dil olaraq tədris edilməsinə başlayıb.
Sonda tədbirdə məşhur Misir xəttatı Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş etdirilib.
azertag.az