Filarmoniyada tanınmış bəstəkar Nəriman Məmmədovun 90 illiyi qeyd olunub
20.12.2017

Dekabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq Artisti, professor Nəriman Məmmədovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.

Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman Məmmədov şəhərdəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951-1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956-1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946-1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, 1947-1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyib. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışıb.

Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf edib.

Qeyd edilib ki, ömrü boyu milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri var. Onun yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti həmişə cəlb edib. Nəriman Məmmədov sənətinin ən yaxşı keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə verib. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. O, yeddi simfoniyanın müəllifidir. Səməd Vurğunun eyni adlı poeması əsasında yazılmış “Humay” baleti ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnə təcəssümü tapıb. Baletdə muğamlarımızdan məharətlə istifadə edilib.

Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirib. Bəstəkar bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər, kvartet, trio və sonata bəstələyib. Onun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb.

Bildirilib ki, səhnə əsərlərinə də böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazıb. Bəstəkar xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olub. Dərin obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini verib.

Sonra Nəriman Məmmədovun ailəsi adından bəstəkarın əksər mahnılarının sözlərinin müəllifi , "Şərəf" ordenli, şair Ramiq Muxtar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Əməkdar Artist Faiq Sadıqovun dirijorluğu ilə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Əməkdar Artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında musiqilərlə müşayiət olunub.

azertag.az