Sabirabadın 18 kəndində yeni içməli su infrastrukturu yaradılıb
20.12.2017

Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib.

Açılış mərasimində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. K.Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 170 kənddə içməli su təchizatı infrastrukturu yaradılmış və kəndlərin böyük əksəriyyətinə içməli suyun verilməsi təmin edilib: “Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunmuşdur. 2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün əlverişli imkan yaratmışdır. Layihənin icrası nəticəsində kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunurlar”.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

trend.az