“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da üçüncü dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.
BŞH-dən bildiriblər ki, Azərbaycan Qran-Prisi daxil olmaqla, bütövlükdə Formula-1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Əməliyyat Şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi gələn il yanvarın 31-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edərək deyib: “Hər ötən il daha çox sayda yerli media nümayəndələsinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran-Prisində çoxlu sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin”.
N.Arpadarai diqqətə çatdırıb ki, Formula-1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara əsasən seçilir və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar. Çalışırıq ki, ölkəmizdə Formula-1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayı artsın. O, bütün yerli jurnalistləri vaxt itirmədən Formula-1 Azərbaycan Qran-Prisinə qeydiyyatdan keçməyə dəvət edib.
Əməliyyat Şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün Formula-1 Azərbaycan Qran-Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Seminarda iştirakçılara qeydiyyat prosesi ilə əlaqədar ətraflı məlumat veriləcək.
azertag.az