Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla gələcək əməkdaşlıq imkanları, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə 450 metr dərinlikdə bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,3 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.
report.az