Gəncədə 44 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Nizami yurduna olan diqqət və qayğısından danışıb. Son illərdə 30-dan artıq təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulduğunu deyən icra hakimiyyətinin başçısı vurğulayıb ki, bu proses gələn il də davam etdiriləcək. Dövlətimizin başçısının iştirakı ilə açılan obyektlərdən danışan Elmar Vəliyev Gəncə Şahmat Məktəbinin yeni binaya köçürüləcəyini, idman kompleksinin tikiləcəyini qeyd edib, Gəncə Dövlət Dram Teatrının binasının inşasının davam etdiyini bildirib.
Gəncədə səfərdə olan MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov Nizami yurdunun 2017-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Gəncə şəhərində təhsilə göstərilən diqqət və qayğı bütün ölkələr üçün nümunə ola bilər.
Sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olub və balacaların bir-birindən fərqli rəqs kompozisiyalarına tamaşa ediblər.
Qeyd edək ki, 240 yerlik körpələr evi uşaq bağçasında 12 qrup fəaliyyət göstərir. Uşaq bağçasında sanitar qovşağı, kompüter, mətbəx, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar mövcuddur.
azertag.az