Acı dad reflüksün ilkin göstəricisi ola bilər
22.12.2017

Yeməkdən sonra ağızda qalan acı dad reflüks xəstəliyinin ilkin göstəricisi ola bilər.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verilir ki, reflüks xəstəliyi stress, bəzi qrup dərman preparatlarının qəbulu və ya hamiləlik zamanı meydana çıxan müvəqqəti narahatlıqdır. Lakin bu problem bəzən xronik hal da ala bilir.

Reflüks nədir? Normada qida borusunun mədəyə keçid nöqtəsində qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan zaman bu qapaq açılır. Mədənin dolu olduğu zaman isə qapaq qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa qida borusu və mədəni ayıran qapaq deyilir. Qapaq mexanizminin yetərsizliyi mədənin turş möhtəviyyatı qida borusuna keçir və onu zədələyərək iltihab törədir ki, bu da qastroezofageal reflüks xəstəliyi (QERX) adlanır.

Problemin aradan qaldırılması üçün dərmanlardan istifadə əvəzinə turşuluğu artıran qidalardan çəkinmək daha effektiv nəticələr verir. Bunlara yağlı, ədviyyatlı, qızardılmış, pomidor, portağal və bu kimi bir sıra qidalar aiddir.

azertag.az