Tbilisidə azərbaycanlı şairin yeni kitabının təqdimatı olub
25.12.2017

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, şair-publisist Rafiq Hümmətin “Rüzgara oxunan söz” şeirlər kitabının təqdimatı olub.

Kitabda şairin Vətənə, anaya, torpağa, sevgiyə həsr olunmuş 400-ə yaxın şeiri toplanıb.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva Rafiq Hümmətin yaradıcılığından, gənclərə qayğısından söz açıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev şairin yaradıcılığında Vətənə sevginin əsas yer tutduğunu vurğulayıb, onun rəhbərlik etdiyi “Varlıq” Mədəniyyət Mərkəzinin Gürcüstanda Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Sonra jurnalist-təhqiqatçı Mirzə Maşov və başqaları çıxış edərək Rafiq Hümmətin yaradıcılığının ayrı-ayrı aspektlərindən söz açıblar.

Çıxış edənlər şairin gənclərə qayğısını, onların vətənpərvərlik hissinin artmasında, ədəbiyyata, şeirə, mədəniyyətə marağının artmasındakı xidmətlərini yüksək qiymətləndiriblər.

Mərasimdə R.Hümmətin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

azertag.az